Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şura

DQİDK yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu elan edilir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması prosesinə başlanılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin  3-32/3-1-545/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli əmri ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb.

Seçki Komissiyası tərəfindən  İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.

Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 12 sentyabr 2023-cü il tarixindən başlanılacaq.

 

Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);

2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;

3. namizədin tərcümeyi-halı;

4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti.

 

Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyən namizədlər  qeyd olunan sənədləri oktyabrın 12-dək (iş günləri saat 10.00-dan 17.00-dək) Dövlət Komitəsinə şəxsən təqdim edə və ya elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər.

Ünvan: Bakı şəhəri, Əhməd Cavad 16

Tel: (+994 12) 437-31-15


Paylaş