Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın iclası keçirilib
Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın iclası keçirilib. Video-konfrans formatında təşkil edilən iclasda İctimai Şuranın 2021-2022-ci il üçün Fəaliyyət Planı və cari məsələlər müzakirə edilib.
Şura sədri Əliməmməd Nuriyev Fəaliyyət Planı layihəsini təqdim edib. 4 hissədən ibarət olan fəaliyyət planına Bakı Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə, monitorinq və qiymətləndirmə tədbirlərinin təşkili, normativ-hüquqi aktlara zəruri dəyişikliklər, müvafiq mövzular üzrə ictimai dinləmələrin keçirilməsi və digər təşkilati-texniki məsələlər daxil edilib. Ümumilikdə, tədbirlər planının icrası şəhərin yol-nəqliyyat infrastrukturu, piyada əlçatanlığı və təhlükəsizliyi sahələrində ictimai nəzarət və ictimai iştirakçılığın artırılması məqsədi daşıyır. Şura üzvləri fəaliyyət planını təsdiq ediblər.
İctimai Şura üzvləri yol-nəqliyyat infratsrukturu, qanunsuz parklanma ilə bağlı sorğuların aparılması, şəhərin piyada yönümlülüyü istiqamətində görülən işlər və çatışmazlıqlar da müzakirə ediblər. Çıxış edən Şura üzvləri Sahib Məmmədov, Davud Rəhimov, Elməddin Muradlı, Fərhad Eyyubov və digərləri müxtəlif istiqamətlər üzrə təkliflərlə çıxış ediblər. Xüsusən svetoforların fəaliyyəti, şəhər yollarında sıxlığın yaranması, parklanma yerlərinin sayı, dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin tətbiqi və digər mövzular barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, Agentliyin fəaliyyət istiqamətləri üzrə müstəqil ekspert qrupunun formalaşdırılmasının zəruriliyi qeyd edilib. Bu istiqamətlər üzrə monitorinqlərin aparılması təklif olunub