Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

“İctimai şuranın funksiyalarının harada başlayıb harada bitdiyi məlum deyil” -  ANAR XƏLİLOV

Dövlət qurumları yanında yaradılmış ictimai şura sədrləri ilə müsahibə guşəsinin növbəti qonağı “Sağlam İnkişaf və Maarifləndirmə” İB-nin sədri Anar Xəlilovdur.
Anar Xəlilov Qaçqın və Məcburi Köçkünlərin işi üzrə dövlət Komitəsi yanında ictimai şuraya rəhbərlik edir.
 
-İctimai şuranızın əsas işi nədən ibarətdir?
-Komitə yanında yeni tərkibdə yaradılmış ictimai şuranın fəaliyyətindən bir il keçir. Mən şuraya keçirilən seçkilərə uyğun olaraq sədr seçilmişəm, şuranın 13 üzvü var. Əvvəlki şura tərkibinin demək olar ki, 70%-i dəyişib. Əvvəlki illərdə də mən şuranın üzvləri arasında olmuşam. Başqa sözlə, bu fəaliyyət sayəsində təcrübəm var. Onda da xeyli işlər görmüşük. Məhsuldar işimizlə bağlı hesabat verməsək ki, ilk dəfə komitə sədri yanında belə bir təkliflə çıxış etmişdik ki, sosial şəbəkədə qruplarımız olsun və biz şəbəkələşməni təmin etməklə məcburi köçkün vətəndaşlarımızın müraciətlərinə daha operativ reaksiya verək. Bu gün də bu ənənəmiz davam edir, bizə edilən müraciətlər lazımı şöbələrə yönəldilir, bəzən özümüz də həllinə çalışırıq. Hər üç ay üçün fəaliyyət planı üzrə iş aparırıq. Əsas vəzifəmiz, illərdir, öz işini aparan komitəyə dəstək verməkdir ki, onların işi daha da yüngülləşsin.
 
-Sizin sahə xüsusi kateqoriyaya xidmət göstərir. Məcburi köçkünlərin həllinə ehtiyacı olan problemləri nədən ibarətdir?
-Məcburi köçkünlərin müraciətlərinin çoxu aylıq müavinətlərlə bağlı olur. Bilirsiz ki, bu məsələylə bağlı 2017-ci ildə NK müvafiq qanun və qərarlarda dəyişiklik etdi, müraciətlər də qanunun tələbləri nəzərə alınaraq həll olunur. Bizim şura üzvlərindən biri həm də hüquqşünasıdır, o məsələni lazımı səviyyədə araşdırıb cavablayır. Demək olar ki, edilən müraciətlərin 90%-i həllini tapır. Bəzi müraciətlər qanunda boşluq səbəbindən açıq qalmalı olur.
Bir də, əhali arasında maarifləndirmə aparılmalıdır, vətəndaş cəmiyyətinin bu sahədə məsuliyyəti böyükdür.
Məcburi köçkünlərin evlə bağlı problemləri davam edir. Hələ də bağça, yataqxanalarda yaşayan ailələr var. İllərdir, tək Bakıda deyil, regionlarda müasir tipli qəsəbələr salınıb, bu proses gedir. Hətta yaxında komitənin daxili maliyyəsi hesabına yenə bir yaşayış binası istifadəyə veriləcək.
Düşünürəm ki, bizim azad olunmuş torpaqlarımızda quruculuq işləri, ora qayıdış məsələləri üzərində daha çox köklənməliyik. Çünki artıq Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi icra edilib və oraya köçürülmənin ilkin mərhələsinə hazırlıq görülür. Şuşa, Kəlbəcər və Laçında plan üzrə böyük işlər gedir, Ağdam, Füzuli, Cəbrayıl, Şuşa şəhərlərinin baş planları təsdiqlənib. Biz bu işdə dövlətimizə birgə dəstək olmalıyıq.
 
Bir məqamı da qeyd edim ki, komitə hazırda məcburi köçkünlərə verilən evlərdə yaşayışın olub-olmaması ilə bağlı monitorinqini davam etdirir. İndiyədək, 510-ə yaxın məcburi köçkünə verilən mənzilin boş olduğu, orada yaşayışın olmamaması, yaxud kirayə verilməsi faktı aşkarlanıb. Komitənin müvafiq komissiyası məsələni ciddi araşdırır, amma komitənin səlahiyyəti yoxdur ki, həmin evləri birindən alıb başqasına versin. Bu mənada həmin evlərlə bağlı məhkəməyə müraciət olunur, məhkəmə qərarından sonra müvafiq şəkildə həmin ev qəzalı evi olan, ehtiyaclı ailəyə verilir.
 
Məcburi köçkünlərin bizə müraciətləri arasında məişət, kommunal məsələləri ilə bağlı şikayətlər də olur. Amma təəssüf ki, bəzən araşdıranda məlum olur ki, bu tək onların yox, ümumi ərazi üzrə problemdir. Hər xırda məsələyə görə şikayətlənmək, bəzən məcburi köçkün qəsəbələrində yaşayan əhalinin özünün orada salınan yaşıllığa, ətrafın təmizliyinə etinasız yanaşması kimi məsələlər də var.
 
-Maraqlıdır, azad olunmuş torpaqlara qayıdışla bağlı məcburi köçkünlərlə görüşlər keçirilirmi? Çünki hazırda ən çox müzakirə olunan qayıdış, təhlükəsizlik məsələləridir.
 
-Keçən il Masazır qəsəbəsində məskunlaşan Zəngilan camaatı, Ağalı kənd sakinləri ilə görüşdük, biz daha çox gənclərlə söhbətlər aparmağı hədəfləyirik. Çünki yaşlı nəsil, sözsüz, öz yurdunu görməyə, orada yaşamağa həvəslidir. Biz çalışmalıyıq ki, azad olunmuş torpaqlara gənclər qayıtsınlar, çünki onlar həmin ərazidə hərtərəfli inkişafın aparıcı qüvvəsi ola bilərlər, yaşayıb ailə qurub, nəsil artırmaqla əvvəlki əzəli torpaq sahibinə çevrilsinlər.
 
Komitənin də hazırda prioritet məsələsindən biri, gənc nəsli həvəsləndirib həmin torpaqlarada yaşamağı təbliğ etməkdir. Düzdür, xaricdə təhsil alan gənclərin karyera arzuları daha çox paytaxtla bağlıdır, amma azad olunmuş torpaqlarda müasir kommunikasiya quruculuğu aparılır, yeni tipli qəsəbə layihələri, sənaye parklarının salınması planları üzrə iş gedir. Əsas odur iş, məşğulluq məsələsi həllini tapsın. Vurğulayım ki, görüşlər sonrası təəssüratlarıma görə 60-70% gənclərimiz işğaldan azad olunmuş torpaqlara qayıtmağa həvəslidir, məşğulluq məsələsinin həll edilməsinə ümidlidirlər.
 
Hazırda əsas istək təhlükəsizlik, minalardan təmizlənmə probleminin aradan qaldırılmasıdır. Çünki, hələ 1-ci Qarabağ müharibəsində basdırılmış, amma torpaq sürüşməsi sonrası dərin qatlarda olan mina təhlükəsi də çoxdur. Düşmənin hiyləgərliyi də hamımıza məlumdur, onlar gözəl bilir ki, torpağına uzun illər sonra qayıdan azərbaycanlı dağılmış evindən sonra qəbiristanlığa , təbiət abidələrinə baş çəkəcək, bu səbəbdən həmin yerləri minalayıblar. Onlar bizim torpaqlarımıza köçümüzün qarşısını hər cür çirkin cəhdlə almağa çalışır . Bu səbəbdən hər fürsətimizdə insanları səbirli olmağa çağırırıq.
-Təhlükəsizlik məsələsi vacibdir. Amma yaşlı insanların öz torpağını görməyə haqqı var, təəssüf ki çoxu hələ də yurduna gedə bilmir. Yəqin ki, belə müraciətlər alırsız.
 
-Sözsüz, torpaqlarımız azad olunduqdan sonra saysız müraciətlər alırıq. Məcburi köçkün ailələri yaşlı ailə üzvünün torpağını görmə istəyini bildirirlər. Əlbəttə, yaşlı insanların çoxu xəstədir, onların ölmədən torpağına baş çəkmək haqqı var. Bu istiqamətdə biz də işlər aparırıq. Yenə də deyirəm, ərazilərin minadan təmizlənmə prosesi gedir, təhlükəsizlik vacib məsələdir. Amma biz bununla bağlı təkliflər vermişik. Yaxşı olardı ki, təhlükəsiz hesab olunan torpaqlara insanların kütləvi şəkildə yox, kvota üzrə səfərinə şərait yaradılsın. Çünki kütləvi səfərdə hər kəsi müşahidə etmək mümkün deyil, amma tək, ailə şəkilində səfərləri təlimatlandırmaq asandır. Təklif edirik ki, getmək istəyən məcburi köçkün ailəsinin icazə məsələsi, prosesi sadələşdirilsin.
 
-Komitənin işi çoxdur, bəs ictimai şuranın fəaliyyəti üçün əngəllər varmı?
-Komitədə bizə hər cür imkan, şərait yaradılıb. Fikir, təklif səsləndirmək fürsətlərimiz var. Harasa səfər edəndə, reyd keçirəndə komitə şərait yaradır. Komitə bizimlə işləməyə maraqlıdır, çünki həssas qrupla işləyirlər və problem də çoxdur, bizsə onlara yalnız dəstək veririk.
 
Vətəndaş cəmiyyəti olaraq, illərdir biz bu postda olmasaq da, bacardığımızı etmişik. Düşünürəm ki, dövlət qurumu yanında yaradılan ictimai şuraların əsas işi elə həmin quruma dəstək verməkdir, əlçatmayan kütlə ilə vasitəçilik qurub, narazılıq, müraciətləri araşdırmaqdır. Bəzən ictimai şuranı aidiyyəti qurumun nöqsanını aşkarlamaq, tənqidçi kimi görürlər. Halbuki ictimai şuranın işi irad bildirmək yox, problemin həllinə birgə çalışılmasına nail olmaqdır.
 
-Bəs, ictimai şuranın kimliyi ilə bağlı niyə belə çox fikir ayrılığı var?
-Çünki, biz özümüz də funksiyamızın nədən ibarət olduğunu bilmirik, işimizi yaradıcı, ideya səviyyəsində icra edirik. Vəzifələrimizin harada başlayıb harada bitdiyi sərhədini bilmirik. Müvafiq qanunda boşluqlar çoxdur. Qanunda əlavələrə ehtiyac var. Bizim səlahiyyətimiz müəyyənləşməli, konkret göstərilməlidir. İctimai şuralara seçki prosesi qaydaları yenidən nəzərdən keçirilməlidir.
 
RAMİNƏ EYVAZQIZI
 
 
 
 
 
 

Paylaş