Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura

Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın yanğın təhlükəsizliyi məsələlərinə həsr olunan iclası keçirilib - FOTO

İyulun 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai Şuranın iclası keçirilib.

İclasın keçirilməsində əsas məqsəd Dövlət Yanğın Nəzarəti Xidmətinin ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, o cümlədən yay mövsümü ilə əlaqədar meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə biləcək yanğınlara qarşı maarifləndirmə tədbirlərinin reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

İclasda İctimai Şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə rəisinin müavini Gündüz Həmzəyəv, İctimaiyyətlə əlaqə idarəsinin şöbə müdiri Pərviz Cəfərov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov və Xidmətin əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Xidmətin rəis müavini A.Kazımov təmsil etdiyi qurum tərəfindən ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən səlahiyyətlərinə uyğun olaraq strateji əhəmiyyət kəsb edən neft-qaz və energetika obyektlərində, ictimai obyektlərdə, nəqliyyat və sair sahələrdə yanğın nəzarəti həyata keçirilib, layihələndirilən, tikintisi həyata keçirilən, istismarda olan bina və qurğuların yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarət təmin edilib, təhsil və səhiyyə müəssisələrində, ticarət obyektlərində, inzibati, sənaye və istehsalat obyektlərində, aqrar sahədə, yaşayış yerlərində əhali arasında yanğın təhlükəsizliyi mövzusunda geniş maarifləndirmə işi aparılıb. Kənd təsərrüfatı sahəsində, eləcə də meşə sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar regional seminar-müşavirələr və konfranslar təşkil edilib, qanunvericiliyə riayət etməyən və yanğın təhlükəsizliyi tələblərini pozan müəssisələrə qarşı öz səlahiyyətləri çərçivəsində inzibati tədbirlər həyata keçirilib.

Xidmətin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirən İctimai Şura üzvləri yanğınların qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclasda İctimai Şura üzvləri yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.

Fotolar

Paylaş