Kəmalə Aşımova: “İctimai şuraların fəaliyyətində aktiv əməkdaşlığa ehtiyac var”

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşımova QHT.az-a açıqlamasında ictimai şuraların fəaliyyətinin daha effektiv olması üçün bir sıra təkliflər irəli sürüb.

O bildirib ki, demək olar ki, bütün dövlət qurumlarının nəzdində ictimai şuralar fəaliyyət göstərsə də, onların rolu çox vaxt yalnız görüşlərdə iştirak edib qısa çıxışlar verməklə məhdudlaşır:

"Əslində, ictimai şuralar təmsil olunduqları dövlət qurumları ilə daha sıx əməkdaşlıq etməlidirlər. Hər bir dövlət qurumu illik fəaliyyət planları hazırlayır və qanunvericilik sahəsində təkliflər verir. Təəssüf ki, bu istiqamətdə ictimai şuralarla müzakirələr aparılmır və onların təklifləri çox vaxt nəzərə alınmır. Halbuki, ictimai şuraların təmsil olunduqları qurumlarda daxili proseslərə təsiri artırılmalıdır. Məsələn, qanunvericilik dəyişiklikləri, normativ hüquqi bazanın hazırlanması, yeni əsasnamələr və qaydaların işlənməsi prosesinə ictimai şura üzvləri cəlb olunmalıdır ki, onların töhfəsi nəzərə alınsın”.

Kəmalə Aşımova qeyd edib ki, ictimai şuralar qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət olduğu üçün vətəndaş cəmiyyəti ilə daha yaxından əlaqəyə malikdirlər. Bu isə onlara əhalinin problemlərini birbaşa dövlət qurumlarına çatdırmaq imkanı yaradır. O, ictimai şuraların daha funksional olması üçün bir neçə vacib məqamın təmin olunmasını təklif edib:

  • Qərarların qəbulunda və işçi qruplarında ictimai şura üzvlərinin iştirakı;

  • Dövlət qurumlarının fəaliyyəti ilə bağlı ictimai şuraların mütəmadi hesabatlar hazırlaması;

  • Vətəndaşlarla dövlət qurumları arasında effektiv kommunikasiya mexanizminin qurulması.

Sonda Aşımova ictimai şuraların fəaliyyətinin şəffaf və hesabatlı olmasının vacibliyini vurğulayıb: "İldə bir və ya altı aydan bir ictimai şuraların gördüyü işlər barədə hesabat təqdim edilməlidir ki, onların fəaliyyəti barədə cəmiyyət məlumatlı olsun. Bu, həm şəffaflığın artırılmasına, həm də ictimai iştirakçılığın gücləndirilməsinə xidmət edəcək”.


Paylaş

Aktiv sorğu yoxdur.