FHN yanında İctimai şurada obyektlərdə texniki təhlükəsizlik məsələləri müzakirə edilib - FOTO

İyunun 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib.

Iclasın keçirilməsində əsas məqsəd Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, o cümlədən yay mövsümü ilə əlaqədar attraksionlarda təhlükəsizliyə nəzarət məsələləri və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

 

İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə rəisinin müavini Gündüz Həmzəyev, İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşı Pərviz Aslanov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə və Agentliyin əməkdaşları iştirak ediblər.

 

İclasda çıxış edən Agentliyin rəis müavini təmsil etdiyi qurum tərəfindən ölkə ərazisində təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizliyin təmin olunması istiqamətində cari ilin ilk 6 ayı ərzində görülmüş işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq 2022-ci ilin ötən dövrü ərzində təhlükə potensiallı obyektlərdə texniki müayinələr keçirilib, müvafiq aktlar tərtib edilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb. Bundan əlavə, müəssisələrin mühəndis-texniki heyətlərinin texniki təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsi yoxlanılıb, müvafiq sertifikatlar verilib. Xüsusilə, yay mövsümündə insanların daha çox istifadə etdiyi attraksionlarda texniki təhlükəsizlik tələblərinə nəzarət tədbirləri gücləndirilib, qüsurlar aşkar olunmuş obyektlərdə çatışmazlıqların aradan qaldırılması tələb olunub.

 

Təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar Agentlik tərəfindən görülən işləri yüksək qiymətləndirən İctimai şura üzvləri, xüsusilə insanların kütləvi istifadə etdikləri qaldırıcı qurğu (lift, eskalator) və attraksionlarda təhlükəsizliklə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən maarifləndirmə məsələlərinin əhəmiyyətini qeyd ediblər. Bundan əlavə, müvafiq normativ-hüquqi sənədlərin işlənilməsi ilə bağlı görülən tədbirlər də nəzərdən keçirilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclas zamanı İctimai şura üzvləri obyektlərdə texniki təhlükəsizliyin təmin edilməsi məsələləri ilə bağlı fikir və təkliflərini bildirib.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.