Sabiq nazir: Dövlət qurumunda işləyən şəxsin ictimai şuraya üzv olması doğru deyil

“Azərbaycanda yanacaqla işləyən avtomobillərin sayını azaltmaq arzusundayıq”
Ölkədə dövlət qurumları yanında fəaliyyət göstərən ictimai şuraların gördüyü işlərlə tanışlıq davam edir. Bu dəfəki müsahibimiz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ictimai Şuranın sədri Sirus Abbasbəylidir.
Təqdimat: Akademik Sirus Abbasbəyli 1992-1997-ci illərdə rabitə naziri vəzifəsində çalışıb. Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidentidir.
Rabitə və İnformasiya Texnologiyaları İB-nin sədridir.
Bir ildir, nazirlik yanında ictimai şura sədri kimi fəaliyyət göstərir.

 
- Sirus müəllim, rəhbərlik etdiyiniz şuranın qarşıya qoyduğu məqsədlər barədə məlumat verərdiniz.
- Sədrlik etdiyim şura rəsmi və aktiv fəaliyyətə təqribən bir il əvvəl başlayıb. Düzü, biz daha templə işə başlamışdıq, amma hələlik istənilən nəticələri əldə etmək üçün bir az aramla davam edirik. İstəyirəm xatırladım ki, vaxtıylə ictimai şuranın yaradılması təklifini verənlərdən biri də mən olmuşam. Hələ 2013-cü ildə o vaxt Rabitə Nazirliyi yanında ictimai nəzarət şurasının yaradılması təklifi ilə hökümətə həm şifahi, həm də rəsmi şəkildə müraciət ünvanlamışdım.(red- müsahib həmin müraciəti oxuyur və təqdim edir)
 
Müraciətimdə əsas məqsəd o vaxt yaranmış narazılıqların aradan qaldırılmasında yaradılacaq ictimai şuranın dəstəyi idi. Təəssüf ki, həmin çağırış və müraciətimə reaksiyalar ciddi olmadı, halbuki vaxtında arzuladığım fəaliyyətə dəstək verilsəydi, bu gün hələ də mövcud olan bir çox problemləri çözmüş olardıq və bu qədər zaman itirməzdik. Bilirsiz ki, sonrakı illərdə bu məsələ dövlət səviyyəsində qaldırıldı. Elə indi də ölkə rəhbəri ictimai nəzarətin gücləndirilməsinin vacibliyi məsələsini hər çıxışında vurğulayır.
 
Fəaliyyət və məqsədlərimizə gəlincə, şura yaradılan gündən sistemli və planlı iş qurmağa çalışmışam. (red- müsahib iş və tədbirlər planını göstərir)
 
İş planımızı hazırlamışıq. Ötən ilin iyununda yarandıq, ardıcıl iclas, tədbirlərimiz olub. Tədbirlər arasında ən böyük toplantı ölkədə əlçatan internetlə bağlı keçirildi. Müşavirə formatlı tədbirdə 40-a yaxın internet provayder , yerli şirkət rəhbərləri, rəsmi dövlət orqanı nümayəndələri iştirak edirdi, birgə vacib müzakirələr aparıldı. Əhalinin şikayətlərinin hansı səpkidə olması, provayderlərin prolemləri, yaradılan imkanlar, nöqsanlar səsləndi.
 
Ölkənin hər yerinin internet şəbəkəsi ilə təminatı, hər yerdə fiber optik kabellərin çəkilişi yaxın vaxtlarda öz həllini tapacaq. Bilirsiz, indi internet və texnologiya elə sürətlə inkişaf edir ki, bir müddət sonra bir çox sahələrdə insan amili əhəmiyyətini itirəcək. Misal üçün, əlimizdə olan ağıllı mobil telefonlar bir çox insanın işini, xüsusiylə bank sektorundakı xidmətləri tez və asanlıqla görür. Zamanla bu proses daha da sürətlənəcək.
 
Bizim müzakirə etdiyimiz məsələlərdən biri də, beynəlxalq danışıqlara nəzarət, yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələsidir. Bu da dünya ilə ayaqlaşmaq və texnologiyanın inkişafını ölkəyə gətirməkdir. Fikrimcə, bunun üçün Azərbaycanda süni intellekt və müasir kibertəhlükəsizlik protokolları nəzərə alınmaqla elektron imza sertifikatının verilməsi, bu istiqamətdə beynəlxalq təcrübəyə əsaslanmaq vacib məsələdir.
 
 
-Sirus müəllim, nazirliyin nəqliyyat kimi böyük sahəni əhatə edən sektoru da var. Bu həmişə aktual olan və əhalini heç cür razı salmayan məsələdir. Bununla bağlı vəziyyət barədə fikiriniz maraqlı olardı.
 
- Bəli, elədir. Nəqliyyat sektorunun problemləri əzəli və qlobal hesab oluna bilər. Amma nəqliyyat ilə bağlı problemlərin həlli də vacib sayılır və diqqətimizdədir. Hələ də ölkə üçün bu sektorda məsələ həllini tapmayıb. Vaxtiylə Sovet vaxtında olan eyni problemləri hələ də yaşayırıq. Amma nazirliyin tabeliyində olan strukturlar bu sahədə iş görürlər.
Bakının yüklənməsi də başqa dərddir. Həm əhali sayına görə, həm də avtomobil sayına görə ən çıxılmaz vəziyyətlə qarşı -qarşıyayıq. Ümid edirəm ki, bu məsələ də zamanla həllini tapar.
 
 
-Nazirliyə təkliflər vermisiniz?
 
-Əlbəttə, dediyim kimi heç şura yaradılmamışdan qabaq hər zaman təkliflərim olub. Qeyri hökümət təşkilatı rəhbəri kimi, təcrübəli biri kimi hər zaman təkliflərimizi verməyə hazırıq. Bizim tezliklə maraqlı və vacib konfransımız planlaşdırılıb. Elektromobillərilə bağlı stansiyaların qurulması, velosiped yollarının kütləvi qurulması və istifadəsi məsələlər priotet mövzulardır.
 
Bu yaxında böyük konfrans planlaşdırırıq. Mövzu ölkədə benzinlə işləyən avtomobillərin sayının azalması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və gələcəkdə tətbiqi ilə bağlıdır. Müvafiq dövlət qurumları və aidiyyatlı təşkilatlarla birgə müzakirələrimiz gözlənilir.
 
Məlumat verim ki, dünyanın aparıcı dövlətləri illərdir, ekoloji təmiz nəqliyyatın istifadəsinə, ətraf mühitin mühafizəsi məqsədi ilə bağlı yaşıl enerji proqramları həyata keçirir. Hətta Avropa ölkələrində artıq fəaliyyət istiqamətini təsdiq edən ciddi işlər görülüb. Belə ki, 2025-ci ildən etibarən Norveç və Hollandiya təmamilə yanacala işləyən avtomobillərin istehsal və satışını qadağan edən qərar qəbul edib.
 
Eyni ilə 2030- ildə Almaniya, 2040-cı ildə Fransa və İngiltərə benzillə işləyən avtomillərin satış və istehsalını dayandıracaq. 2030-cu ildə Hindistanda ancaq elektromobil avtomillər satılacaq. Hazırda dünyada 2 milyondan çox elektromobil avtomobil işləyir.
Bizdə də bir taksi xidməti şirkətinin həm benzin həm də , elektriklə (hibrid avtomobillər) işləyən avtomilləri istifadə olunur. Amma arzu edirik ki, yaxın illərdə yanacaqdan istifadə edən avtomobil sayı azalacaq.
 
 
-Şuranızın fəaliyyəti üçün hansısa əngəllər varmı?
 
-Bizim şuranın 10 üzvü var. Şura işini effektiv etmək istəyirsə, müəyyən işlər aparmalıdır. Nazirlik bizi fəaliyyətimiz üçün ofis, texniki avadanlıqla təmin edib, çatışmayan məsələlər də var.
 
Bizim fəaliyyətimizə nazirlik dəstək verir, amma bəzi məqamlar var. Misal üçün, zaman məsələsi. Nazirlik və ona tabe olan qurumlarla eyni vaxtada iş görmək olmur, bu münasib zaman uyğunluğu ilə bağlıdır.
 
On gün sonra iclas olmalıdır, ictimai şura üzvlərini bir yerə yığmaq üçün vaxt yetmir.
 
Bir məsələ də var, bunu ümumi bir irad kimi qeyd etmək istəyirəm, şura üzvlərinin ixtisas məsələsi. Bəzən görürük ki, ictimai şura üzvləri arasında təmsil etdiyi sahə ilə əlaqəsi olmayan üzvlər var, yaxud bu sahədə məlumatı olmayan insan cəlb olunur. İctimai şurada təmsilçiliyin əsas şərti, həmin şəxsin qht sahəsində fəaliyyət göstərməsi, qeyri dövlət sektorunda işləməsidir. Amma bəzən əksini görürük, dövlət işində işləyən şəxsin ictimai şuraya üzv olması, orada işləməsi doğru deyil. Çünki ictimai şurada olan şəxsin tam müstəqil, neytral mövqedə olması vacibdir ki, o hansısa problemə haqlı və obyektiv yanaşsın.
 
İctimi iştirakçılıqla bağlı qanunda boşluqların olması məsələsi də var. Bizdə çox halda qanunların hazırlanmasında ictimai dinləmə aparılmır, ictimai rəy öyrənilmir, bu səbəbdən qanunların çoxu çiy olur, sonra da qanun qüvvəyə minəndə boşluqların olduğu ortaya çıxır. Ona görə, də qanunun icra mexanizmlərindəki boşluq fəaliyyətdə də problemlər yaradır.
 
RAMİNƏ EYVAZQIZI
 
 
 
 
 
 
 
 
 

Paylaş

Aktiv sorğu yoxdur.