Cəsarət Hüseynzadə: Ölkə başçısı problemin əsas və ana xəttini bizə göstərib

İctimai iştirakçılığın artırılması

 

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadə isə Moderator.az-a  bildirib ki, son 10 ildə korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lər maarifləndirmə, monitorinqlər ilə bağlı kifayət qədər işlər görüb. 

O söyləyib ki, QHT-lər qanunvericiliyin təkminləşdirməsi və qanunlarda vətəndaşların  mövqeyinin qorunması istiqamətində öz təkliflərini irəli sürüblər: “İctimai nəzarətin yeni mərhələyə qədəm qoyması üçün kompleks tədbirlərə ehtiyac var. Dövlət başçısı dəfələrlə çıxışlarında ictimai nəzarətin vacibliyini qeyd edib. 2020-ci ilə yeni formalaşmış Milli Məclisin ilk iclasında da bu məsələyə diqqəti çəkərək, ictimai nəzarətin zəif olduğunu diqqətə çatdırmışdı. Ölkə başçısının bu çıxışından sonra ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması ilə bağlı bir çox addımlar atıldı.

 

 Bəzi dövlət qurumları 2014-cü ildən qüvvəyə minən “ictimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu icra etmək istəmirdilər.  Cənab Prezidentin bu çıxışından sonra bəzi dövlət qurumları ictimai şuraların yaradılmasına şərait yaratdılar. Hazırda mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuraların sayı 20- yə çatıb. Təkcə 2021-ci ildə 16 nazirlik, komitə və xidmət yanında ictimai şuralara seçkilər keçirilib, bu qurumların 8-də isə məhz ictimai şura ilk dəfə formalaşıb”.

Nəzarətçiyə deyil, himayədara çevrilən İctimai Şuralar

C.Hüseynzadə görülən işlər müqabilində hələ də özünü göstərən problemlərdən söhbət açıb. Bildirib ki, bəzi qurumlar İctimai Şura yaratmaqla ictimai iştirakçılığın digər formalarından, yəni ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmədən imtina ediblər, yaxud ictimai iştirakçılığın bu formaları məhz ictimai şura üzvləri ilə həyata keçirilib: “Eyni zamanda ictimai şuraların fəaliyyəti üçün imkanlar da məhduddur. Bəzi ictimai şuralar təmsil etdiyi mərkəzi icra hakimiyyəti orqanın himayədarı rolunda çıxış etməyə başladılar. 2021-ci ildə 16 mərkəzi icra hakimiyyəti yanında ictimai şuraya keçirilən seçkilər eyni normativ hüquqi aktlara əsaslansa da hər qurum müxtəlif forma və metodlarla bu seçkiləri keçirdi. 

 

Bütün bu monitorinqlər də eyni zamanda onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirləri günün vacib tələbidir. Ölkə başçısı problemin əsas və ana xəttini bizə göstərib. 

 

Bu baxımdan ictimai nəzarətin inkişafı ilə bağlı yol xəritəsi hazırlanmalıdır. Hesab edirəm ki, İctimai Şuraların fəaliyyətinin sistemləşdirmək və ictimai nəzarətin təşkilini güçləndirmək üçün müstəqil xüsusi qurum yaradılması effektiv ola bilər. Effektiv ictimai nəzarətin həyata keçirilməsi üçün QHT-lərin bilik və bacarıqlarının, resurslarının inkişafı etdirilməsi, alternativ (daxili və xarici) maliyyə mənbələrinin yaradılması və QHT-lərin səlahiyyətləndirilməsi üçün digər mexanizmlərin işlənilməsinə ehtiyac var”. 

 

Xəyalə Rəis

Moderator.az


Paylaş

Aktiv sorğu yoxdur.