İctimai nəzarət: idarəetmənin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin rolu kimi

Asif Əsgərli

Azərbaycan Milli QHT Forumunun

vitse-prezidenti

Müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd etdiyimiz Azərbaycanda demokratik inkişafın əsas alətlərindən sayılan vətəndaş cəmiyyəti təsisatlarının yaranması və onların cəmiyyətdə aktiv fəaliyyət göstərməsi vacib amillərdən hesab edilməlidir. Bu istiqamətdə artıq ölkəmizdə 4000-ə yaxın qeyri-hökumət təşkilatının (QHT), 100-lərlə kütləvi informasiya vasitəsinin (KİV), vətəndaşların çoxsaylı sosial, formal və qeyri-formal qruplarının və sosial media quruluşlarının mövcudluğu vətəndaş cəmiyyətinin inkişafı ilə yanaşı dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəli və obyektiv təşkili, qərarların qəbulu və icrası prosseslərində fəal iştirakçılığı, şəffaf və keyfiyyətli nəzarəti aktuallaşdırır.

Müstəqilliyin ilk 10-15 ilində bir çox hökumət strukturları, mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaş cəmiyyəti qurumlarına qarşı qeyri-obyektiv munasibət sərgiləyərək, onların dövlətin və cəmiyyətin inkişafı baxımından idarəetmə qərarları və onların icrasında mövcud problemləri qaldırmaq, alternativ mövqey ortaya qoymaq, ictimai nəzarət mexanizmləri ilə bu fəaliyyətlərin düzgün istiqamətə yönləndirilməsi təkliflərini dinləmək belə bəzən istəmirdilər.

Ölkə prezidenti tərəfindən son 10 ildə aparılan islahatlarda, icra strukturlarının fəaliyyətinin şəfaf və səmərəli idarəedilməsində dəfələrlə ictimai nəzarətin aktuallığını qeyd etməsi və QHT-ləri də bu işlərdə aktiv iştiraka dəvət etməsi hökumət qurumlarının müəyyən qədər “buzlarını” açmışdır.

2014-cü ildə AR Milli Məclisi tərəfindən “İctimai iştirakçılıq haqqında” Qanun qəbul etməsi, Nazirlər Kabinetinin mərkəzi və yerli icra hakimiyyəti qurumlarında ictimai şuraların təşkili qaydalarını və əsasnaməni təsdiq etməsi bu sahədə müəyyən irəliləyişlərdən xəbər verirdi.

Lakin bu prosses vətəndaş cəmiyyəti təsisatlarının gözləntiləri ilə uyğunluq təşkil etmədi və belə demək mümkünsə ümidləri tam doğrultmadı. Qanunvericiliyə uyğun bu ictimai nəzarət qurumlarının təşkili prossesinin demək olar ki, icra strukturların “inhisarına” verilməsi nəticəsində bu strukturların özlərinə yaxın QHT-lərdən ibarət “çətir” xarakterli və görüntü məqsədli qurumlar yaratmasına və onların da formal fəaliyyət göstərməsinə gətirib çıxardı.

Əslində bu ictimai nəzarət mexanizmlərini daha təkmil etmək istiqamətində 2016-cı ildə Milli Məclisin dövlət quruculuğu və hüquq komitəsində yeni bir “İctimai nəzarət haqqında” Qanun layihəsi üzrə QHT-lərin iştirakı ilə bir ictimai müzakirə təşkil olundu. Vətəndaş cəmiyyəti fəalları tərəfindən bu sahədə kifayət qədər beynəlxalq təcrübəyə əsaslana təkliflər irəli sürüldü və bu sahədə daha çevik mexanizmlərin tətbiqi yolları göstərildi.

Lakin bu qanun layihəsi bəlli olmayan səbəblərdən parlamentin plenar müzakirəsinə təqdim olunmadı.

Bu gün hələdə cəmiyyətdə ictimai nəzarəti, onun məqsədini, vəzifələrini, həyata keçirilməsini və vacibliyini tam və düzgün dərk etməyən və bu prossesə yanlış yanaşma sərgiləyən hökumət strukturları və bundan PR kimi istifadə etmək istəyən vətəndaş cəmiyyəti nümayəndələri var.

Bəzi dövlət qurumları elə hesab edirlər ki, onların fəaliyyətinə, qiymətləndirilməsinə heç bir vətəndaş cəmiyyəti təsisatı rəy verə bilməz, monitorinq apara bilməz, hesabat hazırlayıb keyfiyyət nəzarəti təşkil edə bilməz. Onlar yalnız onları təsis edən, təyin edən və fəaliyyət istiqamətlərini təsdiq edən yuxarı qurumlar qarşısında məsuldular və cavabdehdilər. Əslində bu demokratik, şəffaf və yaxşı idarəçilik baxımından kökündən yalnış yanaşmadır.

İnkişaf etmiş demokratik ölkələrdə geniş ictimai nəzarət forması kimi, İctimai Fəaliyyət Mərkəzləri (“Social Activity Centers”) çıxış edirlər. Onlar vətəndaşların hüquq və qanuni maraqlarına nəzarəti həyata keçirmək üçün yaradılır. Geniş istifadə edilən bu forma vətəndaşların müraciətlərinə və hakimiyyət orqanları tərəfindən onlara göstərilən reaksiyaya nəzarət edirlər.

Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar proqramı, davamlı inkişafa yönəlik milli prioritetlərin qəbulu, institsional-struktur dəyişiklikləri, idarəetmə aparatının optimallaşdırılması və Qarabağ regionu üzrə dirçəliş, quruculuq və məskunlaşma siyasəti ictimai nəzarətin həyata keçirilməsini də ciddi zərurətə çevirib.

Mərkəzi və yerli icra orqanlarının fəaliyyətinin reallaşdırılması prossesinə aktiv fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumlarının, ayrı-ayrı fərdlərin və onların digər sosial və formal qruplarının cəlb edilməsi bu prosseslərin daha şəffaf və səmərəli həyata keçirilməsinə əlavə töhfə verə bilər.

Bəs ictimai nəzarət nədir? Onun məqsədi nədir? Hansı fəaliyyətlərə nəzarət olunmalıdı? İctimai nəzarətin hansı üsulları (mexanizmləri) var və onun obyektləri hansılardır? İctimai nəzarət funksiyalarını kimlər və hansı qurumlar həyata keçirə bilər?

Bütün bu suallara cavab verərkən ilk növbədə onu qeyd etməliyik ki, hakimiyyət-idarəetmə orqanlarına, onların fəaliyyətinə nəzarətin bütövlükdə 3 növü mövcuddur.

Bunlar daxili: (qurumun özünün, bəzən də kənar ekspertlərin cəlb edilməsi ilə həyata keçirilən), xarici: (ixtisasalaşdırılmış qurumlar tərəfindən, bəzəndə mümkün xarici ekspertlərin yardımı ilə həyata keçirilən) və ictimai (vətəndaş cəmiyyəti qurumları, ayrı-ayrı vətəndaşlar və onların digər formal qrupları tərəfindən həyata keçirilən) nəzarət tipləridir.  

İctimai nəzarət idarəetmə prosesinin ən mühüm funksiyalarından biri olmaqla dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətlərini müəyyənləşdirir, monitorinq, müşahidə, qiymətləndirmə orqanları, təşkilatları vasitəsilə hökumət qurumlarının iş və idarəetmə keyfiyyətinin, vəzifəli şəxslərin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını, səmərəli və şəffaf həyata keçirilməsini təmin etməyə yönəlik fəaliyyətlər sistemidir.

İctimai nəzarət həmdə qərar qəbuletmə və icraçılıq proseslərində ictimai iştirakçılığın ən effektiv formalarından biridir. Bu demokratiyanın, cəmiyyətin və dövlətin idarəedilməsinə vətəndaşların və onların sosial qruplarının cəlb olunmalarının həyata keçirilməsinin mühüm formasıdır.

İctimai nəzarət monitorinq, müşahidə, audit və araşdırma sistemi kimi fəaliyyətləri həyata keçirməklə yanaşı, icra intizamına, keyfiyyətə nəzarət, büdcə ehtiyatlarından səmərəli istifadəyə, statusun yoxlanılmasına, proqram, plan və strategiyaların səmərəliliyinə, məqsədlərinə, resursların hökumət orqanları tərəfindən qanunvericiliyə uyğun şəkildə istifadəsinə nəzarətdir. İctimai nəzarət sisteminə həmçinin, əhaliyə xidmətlərin göstərilməsinin qiymətləndirilməsi və hesabatlılığı kimi fəaliyyətlər də daxildir.

İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və icra olunan fəaliyyətlərin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin yoxlanılmasıdır.

Beynəlxalq təcrübədən çıxış edərək, qeyd etməliyik ki, Azərbaycanda da ictimai nəzarətin obyektləri aşağıdakılar olmalıdır:

  • Mövcud qanunvericiliyə riayət olunmasına nəzarət;
  • İdarəetmə aparatı qərarlarının məqsədə uyğunluğuna nəzarət;
  • Vətəndaşların mənafeyini qoruyan hüquq və azadlıqlara riayət olunmasına nəzarət;
  • Dövlət hakimiyyəti orqanları tərəfindən nizam-intizama, səlahiyyətlərin həyata keçirilməsinin keyfiyyətinə əməl olunmasına nəzarət;
  • Dövlət orqanları tərəfindən qəbul edilən qanun və hüquqi aktlara əməl olunmasına nəzarət;
  • Qadağalar və məhdudiyyətlərə əməl olunmasına nəzarət;

Dövlət hakimiyyəti orqanlarına nümayəndələrin seçimi və heyət əməkdaşlarının xidmət pillələri ilə irəliləmələrinə nəzarət;

Resursların rasional istifadəsi, bölüşdürülməsi və s. bu kimi hallara nəzarət.

İctimai nəzarətin bu funksiyalarını həyata keçirmək üçün bir sıra ictimai nəzarət üsullarından (mexanizmlərindən) istifadə edilməsi nəzərdə tutulmalıdır. Bunlar aşağıdakılardır:

  • Müşahidə (məsələn məhkəmə proseslərində, parlament iclaslarında və s).
  • Rəsmi statistikanın və sənədlərin təhlili;
  • Bilavasitə yerlərdə araşdırma (vətəndaşların qəbulu ilə bağlı elanlar varmı, əlillər üçün panduslar yaradılıbmı və s.);
  • Təşkilatları və hakimiyyət orqanlarını ziyarət etməklə şəraitin müşahidəsi;
  • Şikayət və müraciətlərin toplanması;
  • Söhbətlər, müsahibələr, fokus-qrup sorğuları;
  • İctimai ekspertiza;
  • Praktiki təcrübələr (məsələn, hökumət strukturu nümayəndəsinin, millət vəkilinin qəbuluna necə düşmək olar);
  • İctimai sorğu;
  • İctimai monitorinq.

Bu gün Azərbaycanda ictimai nəzarərtin bütün bu mexanizm və metodların hər birinin tətbiq edilməsi xeyli bilik və bacarıq (capacity building), eyni zamanda müəyyən inzibati və iqtisadi resurslar da tələb edir. Təbii ki, bu işdə yenə də hökumət strukturlarının, donorların təşkilati, konsultativ və maliyyə dəstəyinə böyük ehtiyac duyulur.

Təəssüflər olsun ki, bu gün ölkədə ictimai nəzarət çağırışlarına adekvat olmayaraq, yalnız ictimai şuralar yaradıb statistika hazırlamaq niyyətində olan qurumlar da var. Düzdür, yuxarıda qeyd etdiyimiz kimi ictimai iştirakçılığın bir forması olan bu ictimai şuraların fəaliyyəti bu gün qənaətbəxş deyil və bundan ali hakimiyyət təmsilçilərinin özlərinin də narazı qaldıqlarını görürük. Amma bu ictimai nəzarət fəaliyyətinə və prossesinə bir sistem olaraq yanaşmalıyıq.

Bu işdə vacib elementlər olaraq, bilavasitə prosseslərə qatılacaq icra orqanları və vətəndaş cəmiyyəti institutları müəyyən edilməli, bu sahədə ehtiyac və maraqlar öyrənilməli, görüləcək işlər, atılacaq addımlar müfəssəl müzakirə edilməli, qiymətləndirmə və hesabatlıq aparılmalı, hər bir qurumun birgə və ayrı-ayrılıqda vəzifəsi, görəcəyi işlər, onların icrası zamanı, yeri, təmasda olacağı obyektlərin əlaqə məlumatları kimi təfərrüatlar dəqiqləşdirilməli və beynəlxalq təcrübəyə əsaslanan geniş PR və maarifçilik fəaliyyətləri həyata keçirilməlidir.

Bundan başqa ictimai nəzarətdə iştirak edəcək QHT nümayəndələri üçün onların ictimai nəzarəti həyata keçirmələri üsul, metod və yolları üçün xüsusi təlimlər təşkil edilməlidir. Paralel olaraq, dövlət qurumlarının təmsilçilərinə də təlimlər keçilməlidir ki, onlar da bilavasitə bu fəaliyyətlərin həyata keçirilməsinə şərait yaradılmasına məsuldurlar.

 

 

 

 

 

 

 

       

 


Paylaş

Aktiv sorğu yoxdur.