Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirildi

ictimaishura.az İyun ayının 14-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirildi.
Sosialxəbər.az xəbər verir ki, İclasda İctimai Şuranın üzvləri ilə bərabər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin müavinləri – Dövlətxan Dövlətxanov, İlqar İsbatov, Komitənin məsul əməkdaşları və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin bir sıra üzvləri iştirak etdilər.


Şuranın sədri Elbay Qasımzadə iclası açaraq, son dövrdə Şura ilə Komitə, eyni zamanda Azərbaycan Memarlar İttifaqı ilə sıx səmərəli əlaqələrin yaradılması haqqında məlumat verdi. Məhz bugünki iclasda İctimai Şuranın və Memarlar İttifaqının təklifi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin şəhərsalma inkişafı haqqında, habelə Füzuli şəhərinin baş planı haqqında məlumat veriləcəyini bildirdi.


Məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin müavini İlqar İsbatov tərəfindən verildi. İclas iştirakçılarına verilən geniş məlumat çərçivəsində göstərilən ərazilərdə ən müasir, dünya təcrübəsinə söykənən prinsiplər əsasında hazırlanmış məskunlaşma sistemi, regionun sosial-iqtisadi inkişafı, nəqliyyat-mühəndisi təchizatı haqda maraqlı məlumat verildi.
Füzuli şəhərinin baş planı “Bakışəhərdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmışdır. Baş planda şəhərin struktur quruluşu, mədəni-məişət obyektləri, sənaye zonası, yaşayış və kommunal məhəllələri haqda geniş məlumat verildi.


İclas iştirakçıları tərəfindən verilən suallar ətraflı cavablandırıldı. Bəzi son dərəcədə vacib olan məsələlər ətrafında müzakirələr aparıldı. Şəhərsalma sənədlərini təqdim edən Dövlət Komitəsinin rəhbərliyi verilən təkliflərin mütləq təhlil olunması və layihələndirmənin növbəti mərhələsində öz yerini tapması barədə vəd edildi.
İkinci müzakirədə Bakı şəhərində, vaxtilə Dövlət tərəfindən mühafizə olunan tarixi abidələrin sayahısına daxil edilməmiş, lakin abidə xarakteri daşıyan tarixi binaların qorunub saxlanılmasının zərurəti haqqında danışıldı.


Şuranın sədri Elbay Qasımzadə bildirdi ki, Azərbaycan Memarlar İttifaqı yanında “Vətəndaş” ictimai hərəkatı yaradılıb və bu qurumun əsas vəzifəsi şəhərin tarixi simasına, onun şəhərsalma inkişafına xələl gətirən faktları aşkarlayıb, müvafiq Dövlət strukturlarının nəzərinə çatdırmaqdır. Bu cəhətdən artıq ilkin addımlar atılaraq, şəhər üzrə 200-dən çox yeni abidə xarakterli tarixi binalar aşkarlanıb və onların siyahısı və fotofiksasiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.
Eyni zamanda mütəmadi aşkar edilmiş təhlükəli faktlar haqqında yuxarıda adları çəkilən dövlət qurumlarına və Bakı şəhəri İcra Hakimiyyətinə məlumat verilmiş və birgə səylər nəticəsində bir sıra qiymətli binalar qorunub saxlanılmışdır.


Bu barədə geniş məlumatla Azərbaycan Memarlar İttifaqı yanında “Vətəndaş” ictimai hərəkatının başçısı Abdul Hüseynov çıxış etmişdir. Çıxış ətrafında müzakirələr aparılmış və aparılan işlərin daha da fəallaşdırılması tövsiyə edilmişdir.
İclasda müzakirə olunan hər iki məsələ üzrə Şuranın üzvlərinin rəyi tam yekdildir və bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinə ətraflı məlumat verilməsi haqqında qərar qəbul edilmişdir.


Paylaş

Aktiv sorğu yoxdur.