Problemləri gizləmək yox, həll etmək lazımdır - YENİ SƏDR

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədrliyinə seçkilər keçirilib. Seçkilər nəticəsində Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri olub.

İctimai Şuranın yeni sədri Günel Səfərova bu sahədə görüləcək işlərlə bağlı Modern.az-a danışıb. O bildirib ki, təhsil sahəsindəki problemlərin istiqamətləri çox önəmlidir: “İctimai Şura ictimai nəzarəti həyata keçirən funksiyalardan biridir. Təhsil sahəsi spesifikdir. Ümumiyyətlə, bu sahə barədə müzakirələr zamanı bəlli olur ki, həll olunası məsələ çoxdur. İlkin iclasımız zamanı qərara gəldik ki, ictimai şuranın düzgün və konkret fəaliyyət planını hazırlayaq.

 

Fəaliyyət planında həm monitoriq elementləri, həm nəzarət funksiyası olsun və həm də media ilə işləmək üçün ayrıca bir strategiya hazırlayaq. Məktəblərdə monitoriq məsələlərinin gücləndirilməsi, valideyinlərlə danışıqların aparılmasına dair starteji plan hazırlayacağıq. Fəaliyyət planı üzərində ayda 1-2 dəfə görüşüb, bunu həyata keçirəcəyik. Açıq desəm, məqsədimiz fəaliyyəti sürətləndirmək, vizual və hesabatlılığı artırmaq, ictimai şura olaraq ictimaiyyətə hansı işlər gördüyümüzlə bağlı hesabat verməkdir. Hər sahədə problem çoxdur. Amma problemi həll etmək üçün hansı addımı atdığımız, problemləri necə həll etdiyimiz mənim üçün daha çox önəmlidir”.

 

G. Səfərova Nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində təhsildə olan problemlərin qısa müddətdə həll olunacağını vurğulayıb:

“Hər sahədə problem çoxdur. Əsas məsələ o problemi həll etmək üçün hansı addımın atılması daha önəmlidir. Mən menecer tipli insanam. Bunun təşkili ilə bağlı əlimdən gələr hər bir şeyi edəcəm. Mənim hədəfim təhsildə yalnız formal yox, həm də təhsilimizin dəyərlərə əsaslanan şəxsiyyət yetişdirməsinə istiqamətlənən addımlar atmaqdır. Bu sahədə bilgi, təcrübəsi olan insanların ictimai şurada olmasına çox sevinirəm. Mən hər şeyi onların köməkliyi ilə edəcəm. Əlbəttə ki, bütün fəaliyyətimizi Təhsil Nazirliyinə təqdim edəcəyik.

 

Mən düşünürəm ki, qarşılıqlı əməkdaşlıq formasında hər şey yaxşı olacaq”. Onun sözlərinə görə, problemləri gizləməklə həll olunmur, biz çıxış yolu tapmalıyıq: “Məni hər kəs azdan-çoxdan tanıyır. Orada təmsil olunan insanlara ayrı-ayrılıqda nəzər yetirdikdə görərik ki, hamısı cəmiyyətə töhfə vermiş insanlardır. Hər birinin müstəqil fikirləri var. İnanın mənə ki, harada nə problem var, araşdırıb, həll etməyə çalışacayıq.

 

Sözün açığı, mən Emin Əmrullayevin təhsil naziri olmasını çox alqışlamışdım. Çünki onu mən gənclik illərindən tanıyıram, fəaliyyətini bilirəm. Biz daha yaxşı işləmək üçün bunu əməkdaşlığa keçirəcəyik”. Sədr qeyd edib ki, biz çox gözəl vətəndaş yetişdirmək üçün məhrumiyyətləri aradan qaldırıb, standartlara əlçatanlılığı aşılamalıyıq:

 

“Biz zaman-zaman yeni gənclərdən gözləntimiz olmadığını deyirdik. Amma yeni gənclər 30 illik işğaldan Qarabağı bizə qaytardı. Biz çox gözəl vətəndaş yetişdirə bilərik. Bunun üçün sadəcə məhrumiyyətləri aradan qaldırmaq, normal yaşamaq üçün standartlara əlçatanlılığı aşılamaq lazımdır. Təhsil sadə sahə kimi anlaşıla bilər, amma elə deyil.

 

Təhsil kompleksli işdir. Mən təhsil işçilərini, mütəxəssisləri, ictimai fəalları bizə dəstək olmaları üçün səsləyirəm. Biz hər şeyin ən mükəmməl olması, təhsil sahəsində uğurlar qazanmaq, problemləri aradan qaldırmaq üçün birgə çalışacayıq”.

 

MODERN.az


Paylaş

Aktiv sorğu yoxdur.