DQİDK yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitə yanında İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.

Komitə sədri DQİDK yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin ölkəmizdə ictimai iştirakçılığa və ictimai nəzarətə xüsusi diqqət göstərməsini qeyd edərək dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi ilə bağlı qarşıya yeni vəzifələr qoyulduğunu bildirib. Mübariz Qurbanlı Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun vətəndaş cəmiyyətləri institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

 

O, İctimai Şuranın əvvəlki tərkibi kimi, yeni tərkibinin də Azərbaycanın dövlət-din modelinin təşviqi, eləcə də ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin, erməni vandalizminə məruz qalmış tarix, mədəniyyət və dini abidələr barədə faktların daha geniş şəkildə beynəlxalq ictimaiyyətə təbliği istiqamətində, eyni zamanda dindən sui-istifadə hallarına qarşı maarifləndirmə prosesində sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstərəcəyinə, sözügedən istiqamətdə daim aktiv olacağına, rəy və təkliflərlə çıxış edəcəyinə əminliyini ifadə edib.

 

Daha sonra İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sədr, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov sədr müavini, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri Nüşabə Məmmədova isə katib seçilib.

 

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni dövlət qurumları yanında İctimai Şuraların yaradılmasının önəminə toxunaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

“Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev və "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Dövlət Komitəsi tərəfindən cəmiyyətin maarifləndirilməsi yönündə aparılan işlərin önəmini qeyd edərək İctimai Şuranın bu tədbirlərdə yaxından iştirak edəcəyini bildiriblər.

Sonda çıxış edən “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə göstərilən etimada görə Şura üzvlərinə təşəkkürünü bildirərək İctimai Şuranın öz vəzifələrini uğurla yerinə yetirəcəyini, dini və mənəvi dəyərlərin təbliği və qorunub saxlanılmasına töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıb.


Paylaş